UDİ MƏDƏNİYYƏT MƏRKƏZİNİN RƏHBƏRİ GEORGİ KUÇARİNİN ÇIXIŞI
- Hörmətli Prezident,
Hörmətli İlham müəllim!
Bütün udi icması adından Sizə bizim Nic torpağına bir daha “Xoş gəlmisiniz!” deyirəm. Ulu Qəbələnin ulu guşələrindən biri olan Nic Sizin kimi ali qonağı qəbul etməyə həmişə hazırdır. Udilərin gözəl bir ənənəsi var. Kim buraya bir dəfə gəlirsə, o, bizim adam olur. O, istədiyi vaxt udi torpağına gələ bilər, udi süfrəsi başında otura bilər. Arzu edirik ki, növbəti dəfə bizim udi süfrəsi ətrafında da oturasınız, bizim doğmamız olasınız. Biz azsaylı xalq kimi, Allah rəhmət eləsin, Heydər Əliyevin qayğısını hiss etmişik və onun layiqli davamçısı olan Sizin qayğınızı daha da çox hiss edirik. Adətən, çaxnaşma məqamlarında azsaylı xalqlar daha çox əzab çəkirlər. O cümlədən bizim camaat da 1988-1992-cı illərdə adımızın hallandırılması nəticəsində əzablar çəkmişdi. Heydər Əliyevin hakimiyyətə qayıtması və respublikada səksəkəsiz yaşayış mühiti, siyasi sabitlik yaratması udilər üçün böyük xoşbəxtlik oldu. Biz o vaxt da onu tam müdafiə edirdik, siyasətini bəyənirdik, indi də ruhu qarşısında baş əyərək deyirik: “Allah ona qəni-qəni rəhmət eləsin!” Sizin də, başqa sahələrdə olduğu kimi, milli məsələdə də yeritdiyiniz siyasəti tam müdafiə edirik, bəyənirik və Sizə “Sağ olun!” deyirik, cansağlığı diləyirik. Respublikamızın gələcəyi naminə Sizə uzun illər uğurlu fəaliyyət arzulayırıq.
Heyi qurtarmış millətin hayına Heydər gəldi,
Azərinin ulu xalqı udilərə sanki, peyğəmbər gəldi,
Allaha şükür deyin, Azərbaycan
Əyilmədi, dirçəldi!
Sağ olun.
X X X
İLHAM ƏLİYEV: Əziz dostlar, bir daha sizi ürəkdən salamlayıram, udi xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Həmişə bir yerdə olaq, həmişə doğma vətənimizi birlikdə inkişaf etdirək. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
X X X