UFADA TÜRKDİLLİ TEATRLARIN “TUQANLIK” IV BEYNƏLXALQ FESTİVALI AÇILMIŞDIR
Xatırladaq ki, 1991-ci ildən respublika hökumətinin himayəsi ilə keçirilən festival ümumi dilə və mədəni köklərə malik regionların və ölkələrin səhnə sənətinin nümayiş etdirildiyi ən parlaq tədbirlərdən birinə çevrilmişdir.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Çuvaşiya, Xakasiya, Kabarda-Balkar, Altay, Tıva, Saxa (Yakutiya) və Başqırdıstandan 13 peşəkar kollektiv iştirak edəcəkdir.
Festival çərçivəsində teatrşünaslığa dair elmi-praktik konfrans, aktyorluq və rejissorluq üzrə ustad dərsləri, yaradıcılıq görüşləri və “dəyirmi masa”lar təşkil olunacaqdır.
Festival ənənəvi olaraq bir neçə nominasiyada, o cümlədən ən yaxşı tamaşa, ən yaxşı rejissor işi, ən yaxşı aktyor ansamblı, ən yaxşı kişi və qadın rolları nominasiyalarında keçirilir.
Ölkəmizi festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edir. Kollektiv Mehriban Ələkbərzadənin quruluşunda Elçinin “Qatil” pyesini təqdim edəcəkdir. Baş rolların ifaçıları xalq artisti Şükufə Yusifova və əməkdar artist Sabir Məmmədovdur.