SİYASƏT
Ukrayna Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafına xüsusi maraq göstərir
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Kiyev şəhərinin meri Vitali Kliçko ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Vitali Kliçko Kiyev şəhərinin sosial, iqtisadi göstəriciləri haqqında məlumat verib. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini diqqətə çatdıran şəhər meri son illər azərbaycanlı iş adamlarının Ukraynada müxtəlif iqtisadi layihələrdə iştirak etdiyini bildirib. Bu baxımdan “SOCAR Energy Ukraine” şirkətinin nümunəvi fəaliyyət göstərdiyini qeyd edib.
Mer son illər Azərbaycanın müxtəlif regionlarında inşa olunmuş Olimpiya idman mərkəzlərindən, xüsusilə Bakı şəhərində həyata keçirilən qlobal sosial-iqtisadi layihələrdən xəbərdar olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə Kiyev şəhərində nəzərdə tutulmuş yol və digər infrastruktur layihələrinin yenidən qurulmasına təcrübəli Azərbaycan şirkətlərinin cəlb olunmasının vacibliyini vurğulayıb. V.Kliçko ölkəmizdə aparılan işlərlə yaxından tanış olmaq üçün Bakıya səfər etmək arzusunda olduğunu bildirib.
Səfir Azər Xudiyev son illər ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələrin beynəlxalq əhəmiyyətindən söz açıb. O, bu gün Azərbaycanın dünyanın ən möhtəşəm mədəniyyət və idman oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb. Səfir Ukraynanın bir sıra yol, körpü və digər infrastruktur layihələrində Azərbaycanın təcrübəli şirkətlərinin yaxından iştirak etdiyini bildirib. Bu şirkətlərin gələcəkdə Kiyev şəhərinin müvafiq infrastruktur layihələrində iştirak etməsinin müsbət nəticə verəcəyinə əmin olduğunu qeyd edib.
Görüşdə Bakı şəhəri ilə Kiyev arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı mədəni tədbirlərin təşkil olunması məsələləri haqqında geniş fikir mübadiləsi aparılıb. Azər Xudiyev məşhur idmançını Azərbaycanla yaxından tanış olmaq istəyini nəzərə alaraq, onu may ayında ölkəmizə səfərə dəvət edib.