Ukrayna mətbuatında Azərbaycanın Cənubi Qafqazda sülh platforması yaratması haqqında məqalə dərc edilib
Kiyev, 27 may, AZƏRTAC
Ukraynanın “Kyivdiplomatic” jurnalının internet saytında yerli jurnalist Vladimir Melnikin müəllifi olduğu “Cənubi Qafqazda sülh platforması” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna və ingilis dillərində dərc edilən məqalədə Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda sülh platformasının yaradılması istiqamətində söylədiyi fikirlər yer alıb. Ukraynalı jurnalist qeyd edir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq sülh platforması yaratmağa hazırdır.
Ukraynalı jurnalist yazır ki, Azərbaycan humanist bir ölkə olaraq, Vətən müharibəsindən sonra bütün hərbi əsirləri beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistana təhvil verdi. Ermənistan 1990-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edəndə bunun eynisini etməmişdi. Azərbaycan təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardı. Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və Ermənistan Azərbaycana heç bir cəsəd qaytarmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev