DÜNYA
Ukraynalı ekspert: ABŞ-ın hərbi yardımı dayandırması müdafiə imkanlarını çətinləşdirə bilər VİDEO

Kiyev, 8 mart, AZƏRTAC
ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması cəbhədə müdafiə imkanlarını çətinləşdirə bilər, lakin Ukrayna ötən illər ərzində ən pis ssenariyə hazırlaşıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru, hərbi ekspert Dmitri Jmailo söyləyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və NATO ölkələrinə səfər edərək ikitərəfli müqavilələr imzalayıb. Ukraynanın hərbi müdafiəsinin bir hissəsi ABŞ yardımından idisə, qalan hissəsi daxili resurslar və Avropa ölkələrinin yardımından ibarətdir. Sözsüz ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün beynəlxalq dəstək və birlik vacibdir. Lakin Ukraynanın hərbi müdafiəsinin yalnız Amerikadan asılı olduğunu düşünmək yanlış fikirdir. Düzdür, Amerikanın verdiyi “Patriot” sistemləri Ukrayna səmasını Rusiyanın ballistik və qanadlı raketlərdən qoruyurdu. Xoşbəxtlikdən, Rusiyanın bu cür raketləri çox qalmayıb. Lakin hazırkı vəziyyət 2022-ci ilin fevralından fərqlənir. O zaman Ukraynanın ehtiyatları cəmi iki aya kifayət edirdi. Daha sonra Ukraynaya dost olan bir çox ölkə lazımi silahları təhvil verməyə başladı. Həmçinin, dondurulmuş Rusiya aktivləri var ki, onların dəyəri 200 milyard dollara çatır və bu vəsait silah alınması üçün istifadə oluna bilər. Əgər Avropa liderləri bu vəsaitlərin ayrılmasını təsdiqləsələr, bu, Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə və lazım olan silahları almağa imkan verəcək”, - deyə ukraynalı hərbi ekspert əlavə edib.
Dmitri Jmailo hesab edir ki, ABŞ ilə Ukrayna arasında gərginlik aradan qalxarsa, vəziyyət stabilləşə bilər. Yaxın gələcəkdə hadisələrin gedişatına baxsaq, danışıqlar baş tutarsa, atəşkəsin elan ediləcəyi görünür. Atəşi kəsən tərəflər isə digərinin bundan yararlanıb əlavə güc toplayaraq yenidən meydana atılacağından ehtiyat edir: “Əslində, Tramp administrasiyası həm Ukrayna, həm də bütövlükdə Avropa ölkələri üçün sərt və əlverişsiz bir ssenari üzrə hərəkət etdi. Ancaq bu, bizim üçün böyük bir şansdır, çünki əgər biz bu çətin dövrü sağ-salamat keçib ayaqda qala bilsək, bundan sonra Ukraynaya mütləq daha asan olacaq. Ümid edirik ki, hazırda bu, gərginliyin zirvəsidir və gələcəkdə Ukrayna-Amerika, Amerika-Avropa münasibətləri yaxşılaşacaq. Çünki Ukraynaya, Avropaya qarşı olmaq, Danimarkaya məxsus olan Qrenlandiyaya, Meksikaya, Kanadaya iddialar irəli sürmək mümkün deyil. ABŞ belə, bütün dünya ilə müharibə apara bilməz.
İndi Trampın məqsədi sadədir, Ukraynanı atəşkəsə məcbur etmək. Biz imzalayırıq, bizə təzyiq edirlər və bizi əlverişsiz bir müqavilə imzalamağa məcbur edirlər. Rusiya üçün bu atəşkəs daha çox lazımdır, çünki müharibənin onlar üçün yaratdığı problemlər bu il özünü göstərməyə başlayacaq və ilin sonuna qədər böhran həddinə çatacaq. Buna görə də ruslar fasilə götürmək istəyirlər ki, 3-4 il ərzində öz hərbi-sənaye komplekslərini bərpa etsinlər, yeni hərbi heyəti demobilizasiya etsinlər, Ukraynanın qüvvələrini maksimum dərəcədə tükəndirsinlər”, - deyə Dmitri Jmailo vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev