Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şahverdi şəlaləsi.
Əgər təbiətin qoynunda fərqli bir macəra axtarırsınızsa, Qax rayonunun İlisu kəndindən başlayan yol sizi Azərbaycanın gizli gözəlliklərindən birinə - Şahverdi şəlaləsinə (digər adı ilə Qıcal) aparacaq.
İlisu kəndindən şəlaləyə qədər məsafə təxminən 5 kilometrdir. İlk baxışda bu məsafə çox uzun görünməsə də, yolun əsas hissəsinin Hamamçayın yatağı ilə davam etməsi yürüşə xüsusi çətinlik və macəra qatır. Bəzən qayaların üzəri ilə irəliləməli, bəzən isə birbaşa çayın içindən keçməli olacaqsınız.

Marşrut boyunca sizi sıx meşəliklər, iri qayalar, dağ mənzərələri və çayın sərin səsi müşayiət edir. Yürüşün sonunda isə Şahverdi şəlaləsinin möhtəşəm mənzərəsi ilə qarşılaşırsınız. Hamamçayın sol sahilində, təxminən 100 metr yüksəklikdə yerləşən şəlalənin suları qayaların arasından süzülərək aşağıya doğru axır və çaya qovuşur. Daha sonra onun suları Qoçyataq şəlaləsinin suları ilə birləşir.
Burada məqsəd yalnız bir şəlaləyə çatmaq deyil. Yolun özü də səyahətin bir hissəsidir. Çayın səsi, meşənin sakitliyi, qayaların arasında açılan dağ mənzərələri və yürüşün yaratdığı həyəcan Şahverdi səfərini yaddaqalan edir.

Dağ yürüşlərini, təbiətdə vaxt keçirməyi və Azərbaycanın az tanınan guşələrini kəşf etməyi sevənlər üçün Şahverdi şəlaləsi fərqli bir istiqamətdir.
Çantanızı hazırlayın, rahat ayaqqabılarınızı geyinin və İlisu kəndindən başlayan bu təbiət macərasına qoşulun. Şahverdidə sizi sadəcə şəlalə deyil, yol boyunca kəşf edəcəyiniz gözəl bir təbiət gözləyir.
Müxbir - Rəşad Türkoğlu