Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO
Xocalı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım (Nərgiz) Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1992-ci ilin şaxtalı fevral gecəsində meşələrdən, Qarqar çayından keçərək canını qurtarmağa çalışan, ailəsi ilə birlikdə əsir düşüb ağır işgəncələr görən 9 yaşlı balaca qız bu gün – 44 yaşında Xocalıda yeni həyata başlayır. Aradan keçən uzun illərdən sonra Ləfxanım xanım bura artıq bir nənə kimi, övladları və nəvəsi ilə birgə qalib ölkənin vətəndaşı olaraq qayıdıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.
Doqquz yaşında göz yaşları içində, ayaqlarını şaxta vurmuş halda tərk etdiyi torpağa bu gün sevinc və qürurla qayıdan Ləfxanım xanım duyğularını belə ifadə edir: "Şükürlər olsun, bu günlərə. Böyük bir sevinc və qürur hissi yaşayıram. Bizə bu xoşbəxtliyi, bu qüruru yaşadan Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, ruhları şad olsun".
Xocalı faciəsi zamanı ağır sınaqlardan keçən Ləfxanımın xilas edildikdən sonra xəstəxanada 3 aydan çox müalicə olunduğu günlər də yaddaşına həkk olunub. Həkimlərdən birinin ona gətirdiyi Nərgiz gülü və "Bu gündən sonra adın Nərgiz olsun" deməsi ilə balaca qızın həyatında yeni bir səhifə açılmışdı. Hər kəsin Çingiz Mustafayevin arxiv kadrlarından Ləfxanım kimi tanıdığı Nərgiz Mahmudova üçün artıq qürbət arxada qalıb. O, hazırda Xocalı şəhər 1 nömrəli uşaq bağçasında çalışır. Xocalının hər daşını, hər dağını əziz tutan "9 yaşlı Xocalı qızı" artıq doğma elində, öz evindədir.
Müxbir – Tahir Ağaməmmədov