Ukraynalı politoloq: Ölkədə prezident seçkilərinin keçirilmə vaxtı proseslərin inkişafından asılıdır VİDEO
Kiyev, 10 fevral, AZƏRTAC
Son vaxtlar Rusiya ilə müharibənin tənzimlənməsi fonunda Ukraynada prezident seçkilərinin keçirilməsinə dair fikirlər artıb. Dünyanın ciddi media resurslarında may ayında bu ölkədə prezident seçkilərinin keçirilməsi ehtimalının yüksək olduğu bildirilir. Bəs, ukraynalı siyasi ekspertlər bu barədə nə düşünürlər?
Ukraynalı politoloq Oleksi Buryaçenko AZƏRTAC-a açıqlamasında deyib ki, ölkəsində mart ayında atəşkəsin elan olunması, mayda isə seçkilərin keçirilməsi ehtimalı Amerika Birləşmiş Ştatlarının (ABŞ) maraqlarına uyğun ola bilər. Çünki bu il ABŞ Prezidenti Donald Tramp üçün seçki baxımından həssas olduğundan, konkret siyasi üstünlük əldə etmək istəyir. “ABŞ Konqresinə payızda keçiriləcək aralıq seçkilər yaxınlaşdıqca, Tramp əvvəllər dediyi kimi, doqquz müharibəni bitirməkdə daha maraqlı olacaq. O, Rusiyanın İkinci Dünya müharibəsindən bəri Avropa qitəsində Ukraynaya qarşı apardığı ən böyük və qanlı müharibəyə son qoya bilsə, Nobel Komitəsinin ona Sülh Mükafatını verməkdən başqa çarəsi qalmayacaq. Fikrimcə, vaxt çərçivəsi olduqca təxmini xarakter daşıyır. May ayı son tarix deyil, düşünürəm ki, iyun olduqca məqbuldur. Çünki Tramp və onun komandası üçün əsas məsələ istədikləri siyasi məqsədə çatmaqdır, bunun isə may və ya iyunda baş verib-verməməsi vacib deyil. Əslində, seçimlər var”, - deyə o vurğulayıb.
Ukraynalı ekspert hesab edir ki, proseslərin inkişafı Rusiyanın atacağı addımlardan və nə dərəcədə səmimi olacağından asılıdır. “Rusiyanın enerji ilə bağlı razılığı pozmasını və bu kimi digər məsələlərə dair manipulyasiyalarını görmüşük. Rəsmi Moskva Tramp üçün vacib olan bu kartı ucuz qiymətə oynamaq istəmir. Buna görə də amerikalıların Rusiyanı hansısa müvəqqəti “yol xəritəsi”ni qəbul etməyə inandıra biləcəklərini demək çox çətindir. Yeri gəlmişkən, inanıram ki, Əbu-Dabidəki Amerika nümayəndə heyətinin danışıqların növbəti mərhələsinin ölkələrində keçirilməsini təklif etmələrinin səbəblərindən biri də budur. Bütün bu sualların cavablarını yaxın gələcəkdə öyrənəcəyik. Atəşkəs, seçkilər və digər məsələlərlər bağlı bir çox aspektlər var. Yenə də hər şey Rusiyadan asılıdır. Çünki, ilk növbədə, Rusiyaya etibar etmək olmaz. Bu ölkə 2025-ci ildə olduğu kimi konstruktiv görünməyə, ABŞ-ın bəzi şərtlərini qəbul etməyə çalışacaq, amma əslində, necə deyərlər, "cibində bir fiqur saxlayacaq". Yəni Rusiya sülhü yaxınlaşdıracaq istənilən prosesə mane ola bilər”, - deyə Oleksi Buryaçenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev