Ukraynanın xarici işlər naziri Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirib ki, qarşı tərəfin təşəbbüsü ilə reallaşan telefon danışığnda nazir Dmitro Kuleba 28 May - Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.