Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb
Bakı, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq həndbol turnirinə mayın 11-də yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın təşkilatçıları və turnirə qatılan Gürcüstan nümayəndə heyətinin üzvləri həlledici oyunlardan əvvəl Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Turnirin sonuncu günü gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. “Batumi” və Gürcüstanın U-20 komandalarının görüşündə qalib hesabdakı minimal fərqlə müəyyənləşib - 37:36. Maraqlı idman mübarizəsi baxımından seçilən “Bakı” - “Məhsul” matçında isə qonaqlar 41:39 hesabı ilə qalib gəliblər.
Üç gün davam edən mübarizənin ümumi nəticələrinə əsasən, “Məhsul” komandası yarışın baş mükafatına layiq görülüb. “Bakı” və “Batumi” kollektivləri isə ikinci-üçüncü yerləri bölüşüblər.
Qalib və mükafatçılara diplom, plaket və kuboklar təqdim edilib.
Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən O.Abbasov Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Gərgin və maraqlı mübarizəyə görə həndbolçulara minnətdarlığını bildirən federasiya rəsmisi qaliblərə təbriklərini çatdırıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident Gürcüstan həndbolçuları ilə təcrübə mübadiləsinin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.