REGİONLAR
Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil olub
Balakən, 15 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra üzləşdiyi bütün çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Balakən rayon mədəniyyət işçilərinin iştirakı ilə keçirilən videokonfransda səsləndirilib.
Onlayn konfransda Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva, rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva və başqaları çıxış edərək, 1993-cü ilin iyununda Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərə geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ulu Öndərin tarixi xidmətlərini önə çəkiblər.
Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirib. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub.
Konfransın sonunda Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib.