Ulu Öndər ölkəmizin hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərib
Bakı, 21 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının təbliği” mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin şəxsi heyəti və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub, sənədli film izləyiblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində Ulu Öndərin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışan V.Abdullayev ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, sabitliyin bərqərar olunmasında, dövlət quruculuğu sahəsində, beynəlxalq münasibətlər məkanında Azərbaycanın layiqli yer tutmasında, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin dünyada tanıdılmasında dahi şəxsiyyətin göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, ölkəmizin hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən Ulu Öndərin müdrik siyasəti nəticəsində möhkəmlənmiş müasir Azərbaycan dövləti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz inkişaf və yüksəliş yolunda inamla irəliləyir.