Ulu Öndərin inkişaf strategiyası Azərbaycan-Türkiyə qardaşlığının bu gününü və sabahını təmin edib
Qars, 12 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərində yerləşən Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev iştirakçılara ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyəti barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi hakimiyyətinin Azərbaycan xalqının işıqlı gələcəyinə və rifahına sərf olunduğunu diqqətə çatdıran baş konsul vurğulayıb ki, Ulu Öndərimizin həyata keçirdiyi strateji layihələr sayəsində Azərbaycanda təhsil, səhiyyə, idman və digər bütün sahələr üzrə fundamental inkişaf istiqamətləri müəyyən edilib. Keçmiş SSRİ dövründə Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğı dövlət müstəqilliyimiz bərpa olunanda xalqımızın milli sərvəti kimi ölkəmizə böyük faydalar gətirib. Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan-Türkiyə qardaşlığının bu gününü və sabahını təmin edib.
Toplantının sonunda şagirdlər Heydər Əliyev şəxsiyyətini tərənnüm edən zəngin bədii proqramla çıxış ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars