REGİONLAR
Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi xalqımızın milli birlik rəmzinə çevrilib
Füzuli, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Füzuli rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti və YAP Füzuli rayon təşkilatı tərəfindən birgə keçirilən konfransda rayon rəsmiləri, Füzuli rayonundan olan bir qrup tanınmış ziyalı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən fotosərgiyə, böyük şəxsiyyətin həyat və fəaliyyətinə dair fotoguşələrə və kitab sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızı azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsinin mütərəqqi hadisə olduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə yaranan müsbət dəyişikliklərdən, dahi şəxsiyyətin xalqı, milləti azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsindən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi olduğu bir daha vurğulanıb.
YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxışında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin milli birlik rəmzinə çevrildiyini, xalqımızın bu birlik sayəsində böyük Qələbəyə qovuşduğunu, qazanılan nailiyyətlərdə YAP-ın xüsusi rola malik olduğunu diqqətə çatdırıb.
Konfrans mövzu ətrafında geniş məruzələrlə davam edib.