Umberto Orta Dominqez: Əsas hədəf “Tokio-2020”yə 6 lisenziya əldə etməkdir
Bakı, 10 fevral, AZƏRTAC
Təlim-məşq toplanışına qatılan boksçularımızın hazırlığı yüksək səviyyədədir. Milliyə gəldiyim vaxtla müqayisə etsək, komandamızın hər bir üzvünün hazırlığının artdığını deyə bilərəm. Fiziki, taktiki və texniki hazırlığımız yarışlar başlayana qədər davam edəcək. Hazırlıq plan üzrə getdiyi üçün turnirlərdə boksçularımızın daha yaxşı formada olacaqlarını düşünürəm.
AZƏRTAC Azərbaycan Boks Federasiyasının saytına istinadla xəbər verir ki, bunu boks üzrə milli komandanın baş məşqçisi Umberto Orta Dominqez deyib.
Kubalı mütəxəssis bildirib: “Əsas hədəf “Tokio-2020”yə 6 lisenziya qazanmaqdır. Biz komandanın hər bir üzvünün Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına çalışırıq. İşin çətinliyini də bilirik. Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq. Məqsədimiz 8 vəsiqəyə sahib olmaqdır. Amma bilirik ki, bu, elə də asan deyil”.
Baş məşqçi martın 1-dək Türkiyədə davam edəcək hazırlıqda əsasən taktika və texnika üzərində işləyəcəklərini də bildirib: “Sınaq döyüşlərini Tailandda keçirib, özümüz üçün qiymətləndirmə çıxardığımızdan Türkiyədə yoxlama görüşləri planlaşdırmırıq. Çünki yarış öncəsi intensiv məşqlər keçəcəyik. Lazım bilinərsə türkiyəli boksçularla yoxlama döyüşləri keçirilə bilər”.