Ümumdünya Gömrük Təşkilatının Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında Komitə aparatının struktur bölmələrinin rəhbərləri üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Virtual Reallıq Təlim (VRT) Proqramının təqdimatı keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Cənubi Koreyanın “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” barədə məlumat verib, VRT avadanlığının ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində və Gömrük Akademiyasında quraşdırıldığını bildirib. Həmçinin akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələri və layihələri barədə geniş təqdimat nümayiş etdirilib.
Daha sonra təlimçilər VR texnologiyasının tətbiqi hesabına konteynerlər üzərində fiziki yoxlamanın əsas prosedurlarını öyrənməsini dəstəkləmək məqsədilə təşkil olunan “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində ətraflı məlumat veriblər.
Qeyd edək ki, VRT Proqramı ÜGT Baş Qərargahında Cənubi Koreyanın Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə ingilis və fransız dillərində yaradılıb.