ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Nizami rayon məktəbliləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar toplantı keçirmişlər. Təhsil nazirinin müavini İradə Hüseynova “Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin on beşınci ildönümünün keçirilməsi haqqında” Sərəncamının mənəvi əhəmiyyəti və hadisənin tarixi-siyasi mahiyyəti” mövzusunda məruzə söyləmişdir.
Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Mahal Əliyev AZƏRTAC-a bildirmişdir ki, rayonun bütün ümumtəhsil məktəblərində qanlı faciəyə həsr olunmuş ədəbi-bədii gecələr, foto-rəsm sərgiləri, inşa yazı müsabiqələri, xatirə guşələri təşkil edilmiş, o müdhiş gecənin şahidləri ilə görüşlər keçirilmişdir. Yuxarı siniflərdə bu münasibətlə keçirilən siyasi dərslərdə ümummilli liderimiz Heydər Əliyevin o dövrdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək törədilən hadisəyə ilk siyasi qiyməti verdiyi, faciənin miqyası barədə həqiqətləri böyük vətənpərvərlik hissilə dünyaya yaydığı xüsusi vurğulanmışdır. Müəllim və şagirdlər Şəhidlər xiyabanını ziyarət etmiş, şəhid məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Keçirilmiş tədbirlər şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsinə, müstəqil dövlətçiliyimizə, onun qurucusu olan ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinə hörmət və məhəbbət hisslərinin yüksəldilməsinə xidmət etmişdir.