ELM VƏ TƏHSİL
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ACCA proqramının kompüter əsaslı İmtahan Mərkəzinin açılışı olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən rektor Ədalət Muradov Mərkəzdə bakalavr və magistrantların ingilis və rus dillərində imtahan verərək ACCA sertifikatı əldə edə biləcəklərini diqqətə çatdırıb. Rektor deyib: “ACCA təşkilatı ilə əməkdaşlığımızın növbəti mərhələsində isə mühasibatlıq ixtisası üzrə təhsil alan tələbələrimiz diplomla yanaşı, ACCA sertifikatını da qazanmış olacaqlar. Bu isə tələbələrin əmək bazarında çevikliyinin təmin edilməsinə əvəzsiz töhfə olacaq”.
Rektor UNEC-in MBA proqramının Avrasiya və Yaxın Şərqdə ACCA təşkilatının beynəlxalq akkreditasiyasını qazanmış yeganə proqram olduğunu da diqqətə çatdırıb. O, UNEC-in MBA proqramının ikinci dəfə növbəti 5 il müddətinə akkreditasiyadan keçdiyini və bunun təhsilin keyfiyyəti baxımından olduqca böyük önəm daşıdığını bildirib.
ACCA təşkilatının (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) təhsil üzrə regional rəhbəri Taher Kapasi ACCA standartlarının UNEC-in MBA proqramına uğurla inteqrasiyasından və bu istiqamətdə həyata keçirilən uzunmüddətli əməkdaşlıqdan söz açıb. O, UNEC-də ACCA İmtahan Mərkəzinin yaradılmasını əlamətdar hadisə adlandıraraq imtahanların keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Auditorlar Palatasının sədri Vahid Novruzov UNEC-in yeni dövrün çağırışlarına çevik cavab verdiyini və təhsil sahəsində zəngin rəqəmsallaşma proqramlarına sahib olduğunu xüsusi vurğulayaraq, bu yeniliklərin tələbələrin yüksək bilik və bacarıqlar əldə etmələri üçün böyük imkanlar yaratdığını deyib. Palata sədri dünyanın tanınmış beynəlxalq təşkilatının imtahan mərkəzinin UNEC-də yaradılmasını bu istiqamətdə növbəti uğurlu addım adlandırıb.