UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad fakültəsinin təşkilatçılığı ilə süni intellekt və rəqəmsal transformasiya kontekstində II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı (ITWEC 2026) keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusuna həsr olunan konfrans Türk dünyasının iqtisadi və sosial gələcəyini formalaşdıracaq innovativ ideya və layihələrin müzakirəsi məqsədilə təşkil olunub.
Konfransın açılışında UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev mövzunun aktuallığını vurğulayaraq süni intellektin təhsildə tətbiqi, bu sahə üzrə tədris proqramlarının hazırlanması və UNEC-də tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan çıxış edərək UNEC-in ənənəvi olaraq keçirdiyi konfransın Türk dünyası ölkələrinin ali təhsil müəssisələrini bir araya gətirməsinin əhəmiyyətini vurğulayıb.
Türk Dünyası İqtisad fakültəsinin dekanı Yusif Alıyev bildirib ki, builki tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edirlər. Konfransa təqdim olunan 120 müraciətdən elmi qiymətləndirmə nəticəsində 90 məruzə qəbul olunub. Tədbir çərçivəsində 4 panel, 2 əyani və 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.
Qazaxıstan Respublikası Beynəlxalq Turizm və Hotelçilik Universitetinin dosenti Sabit Baymaganbetov isə Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində universitetlərarası əməkdaşlığın genişləndirilməsi və birgə elmi təşəbbüslərin əhəmiyyətindən danışıb. Bildirib ki, süni intellekt və innovativ texnologiyalar region ölkələrinin dayanıqlı inkişafında mühüm rol oynayır.
Açılış nitqlərindən sonra çıxışçılara plaketlər təqdim olunub.
Tədbir “Türk Dünyası və inkişaf etməkdə olan regional iqtisadiyyatda rəqəmsal transformasiya” mövzusunda panel çıxışlarla davam edib.
UNEC-in dosenti Elşən Bağırzadənin moderatorluğu ilə keçirilən paneldə Türkiyənin Özbəkistandakı səfirliyinin müşaviri, professor Mehmet Yüce, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Cavid Süleymanlı və qırğızıstanlı alim Davran Yoldaşev rəqəmsal transformasiyanın regional iqtisadiyyatlara təsiri, Türk dünyasında texnologiyaya əsaslanan əməkdaşlıq imkanları və dayanıqlı inkişaf proseslərində süni intellektin rolu barədə fikirlərini bölüşüblər.
Konfrans “Birinci Türkoloji Qurultayın dərsləri və türkologiyanın aktual vəzifələri”, “Biliklərin idarə olunması və süni intellekt”, “Gənclər və inkişaf: süni intellekt yenilikləri” mövzularında panel müzakirələrlə davam etdirilib.