UNEC növbəti “Elm aylığı”na yekun vurub
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə fevralın 27-dən martın 27-dək keçirilən “Elm aylığı”na yekun vurulub. Silsilə tədbirlərlə müşayiət edilmiş və müasir iqtisad elminin ən aktual mövzuları müzakirə olunmuş “Elm aylığı” Azərbaycan Prezidentinin 2018-ci il 9 aprel tarixli “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı əsasında təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bir ay ərzində aktual mövzuları əhatə edən 22 tədbir keçirilib, ölkənin tanınmış alimləri universitetin müxtəlif tədris binalarında təşkil olunmuş plenar iclas, dəyirmi masa və təqdimatlara qoşulublar. Tədbirlərdə UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə məlumat verilib. Qeyd olunub ki, tədqiqat universitetinə transformasiya hədəfini əsas tutan UNEC-də bu istiqamətdə 22 tədqiqat mərkəzi, Gənc alimlər şurası, UNEC tədqiqat fondu, elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılıb. Stimullaşdırıcı tədbirlər nəticəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım müşahidə olunub. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür.
“Elm aylığı” çərçivəsində UNEC-də Ekonofizika Tədqiqat Mərkəzi yaradılıb. Universitetdə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi”, “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Elmi fəaliyyətin maliyyələşmə sistemi”, “Elmi fəaliyyətin informasiya təminatı və elmi-texniki fəaliyyətin ekspertizası problemləri”, “Rəqəmsal iqtisadiyyat: problemlər və perspektivlər”, "Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf tendensiyaları” mövzularında müzakirələr aparılıb.
UNEC-in “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri Sərvinaz Xanlarzadə “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri Altay İsmayılov “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər”, Koqnitiv İqtisadiyyat Mərkəzinin direktoru Mənsur Bərxudarov “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində”, Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri İsmayıl İsmayılov isə “Azərbaycanda əmək bazarının müasir vəziyyəti” barədə məruzə ilə çıxış ediblər.
“Elm aylığı” çərçivəsində, həmçinin UNEC-in Zaqatala, Dərbənd filiallarında, UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində dəyirmi masalar keçirilib.