İQTİSADİYYAT
Universitetlərlə iş birliyi çərçivəsində Dövlət Neft Fondunun yekun infosessiyası reallaşıb





Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) ADA və UNEC - Azərbaycan Dövlət İqtisad Universitetləri ilə iş birliyi çərçivəsində silsilə formatında keçirilən infosessiyalar başa çatıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihənin yekun tədbiri sözügedən universitet tələbələrinin iştirakı ilə martın 28-də DNF-in inzibati binasında baş tutub. DNF-in inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə fond əməkdaşları tərəfindən təqdimat keçirilib.
Fondun Hüquq departamentinin direktor müavini Nərgiz Balakişiyeva, Büdcə proqnozlaşdırma və layihələr departamenti, Büdcə və proqnozlaşdırma şöbəsinin müdiri İbrahim İbrahimov, Neft kontraktları departamentinin aparıcı iqtisadçısı Elçin Quliyev və İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Elnarə Hüseynovanın iştirakı ilə keçirilən sessiyada tələbələrə fondun hüquqi əsasları, HPBS-lər, fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və DNF-in büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən DNF-in İnsan resursları departamentinin direktoru Nigar Braun çıxışında tələbələrlə işin əhəmiyyətini vurğulayıb və onlara gələcək karyeralarına dair tövsiyələrini verib.