UŞAQ HÜQUQLARI İLƏ BAĞLI HESABATIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov ictimaiyyətin nümayəndələrini, qeyri-hökumət təşkilatlarının təmsilçilərini və jurnalistləri hesabatın məzmunu ilə tanış etmişdir. O demişdir ki, Konvensiyaya uyğun olaraq, ölkəmiz BMT-nin Uşaq Hüquqları Komitəsi ilə sıx əlaqə yaratmışdır. Komitənin sessiyalarında digər ölkələrlə yanaşı, Azərbaycanda da uşaq hüquqlarının qorunması gündəliyə çıxarılır. Azərbaycan Prezidentinin 2005-ci il 27 dekabr tarixli Sərəncamı ilə növbəti hesabatın müzakirəsində ölkəmizi təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyən olunmuşdur. Azərbaycan haqqında hesabat yanvarın 19-da dinləniləcəkdir.
Müvafiq nazirliklərin nümayəndələri uşaqların hüquq və azadlıqlarının qorunması, onların sağlam böyüməsi, təhsili, istirahəti, sosial müdafiəsi ilə bağlı ölkəmizdə görülən işlər, qəbul olunan dövlət proqramları və qanunvericilik aktları barədə ətraflı məlumat vermişlər. Bu sahədə əldə olunan və hesabatda əksini tapan uğurlar ümumən ölkədə iqtisadiyyatın davamlı inkişafının, demokratik təsisatların bərqərar olunmasının nəticəsi kimi səciyyələndirilmişdir.
Ölkəmiz ilk belə hesabatı 1998-ci ildə təqdim etmişdir. İndiki sessiyada isə Azərbaycan tərəfinin iki hesabatı birləşdirilərək müzakirəyə çıxarılacaqdır.
Xatırladaq ki, Uşaq Hüquqları Haqqında Konvensiya 1989–cu ildə qəbul olunmuşdur. Azərbaycan bu Konvensiyaya 1992-ci ildə qoşulmuş, 1999-cu ildə Milli Fəaliyyət Planı müəyyənləşdirilmişdir.