UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİ VƏ TƏBLİĞİ SAHƏSİNDƏ 2005-Cİ İLİN ADAMI VƏ QURUMLARI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Uşaq Fondu (YUNİSEF), Avropa İttifaqı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının dəstəyi ilə baş tutmuşdur.
Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov layihə çərçivəsində görülən işlər barədə məlumat vermiş, bildirmişlər ki, təşkilat komitəsi 7 nominasiya üzrə qalibləri müəyyənləşdirmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqların sağlamlığı, yüksək səviyyədə təlim-tərbiyəsi və milli mənəvi dəyərlərimizə yiyələnmələri sahəsindəki xidmətlərinə görə “Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin adamı” mükafatına layiq görülmüşdür.
Təhsil Nazirliyi “Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin ən yaxşı dövlət qurumu”, “Ümidli gələcək” gənclər təşkilatı “Ən yaxşı qeyri-hökumət təşkilatı”, “Ayna–Zerkalo” qəzeti “Ən yaxşı mətbu orqan”, “Save the children” qurumu “Ən yaxşı beynəlxalq təşkilat”, İctimai Televiziya və Radio Yayımları Şirkəti “Ən yaxşı TV-radio proqramı”, “Azercell” Birgə Müəssisəsi “Ən yaxşı xeyriyyəçi özəl şirkət” elan edilmişdir.
Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.