ÜST: Bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 8 faiz artıb
Bakı, 3 noyabr, AZƏRTAC
Oktyabrın 25-dən 31-dək olan həftə ərzində dünyada yeni yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 3 faiz artıb. Ümumilikdə 3 milyondan çox yoluxma halı qeydə alınıb, bir həftə ərzində ölüm hallarının sayı 8 faiz artaraq 50 mini keçib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı bülletenində deyilir.
Yeni yoluxma hallarının təxminən 60 faizi Avropaya təsadüf edir. Yeddi gün ərzində orada yoluxma hallarında 6 faiz, Amerika ölkələrində 3 faiz, Qərbi Sakit Okean regionunda 2 faiz artım qeydə alınıb.
Bülletendə verilən məlumatlara görə, oktyabrın 25-dən 31-dək dünyada 3 021 634 yoluxma və 50 477 ölüm faktı aşkar edilib. Həftə ərzində ən çox yoluxma halları barədə ABŞ (528 455) bildirib. Ondan sonra Böyük Britaniya (285 028), Rusiya (272 147), Türkiyə (182 027) və Ukrayna (152 897) yer alırlar.
ÜST qeyd edir ki, dominant kimi davam edən “delta” ştamı son 60 gün ərzində təhlillərin 99,5 faizində aşkar edilib. O, “narahatlıq doğuran variantlara aid edilən variantlar da daxil olmaqla, əksər ölkələrdə digər variantları üstələyib". Sonunculara mütəxəssislər "alfa", "beta" və "qamma" ştamlarını aid edirlər.
Ümumdünya Səhiyyə Təşkilatının noyabrın 2-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 246 951 274 koronavirusa yoluxma halı və 5 004 855 ölüm halı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 347 703 nəfər, ölənlərin sayı isə 5 981 nəfər artıb.