ÜST-nin "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi davam edir
Bakı, 10 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin təşkil etdiyi "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində həyata keçirilən təlimlər davam edir. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin təcili tibbi yardım sisteminin infrastrukturunun və insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır. Layihə çərçivəsində 2022-ci ilin aprelindən bu günədək 270 tibb işçisi təcili tibbi yardım sahəsində təlimlərə qatılıb.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, layihə çərçivəsində TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzdə 22 tibb işçisinin təməl həyat dəstəyi (BLS) və təkmil həyat dəstəyi (ACLS) üzrə biliklərinin artırılmasını hədəfləyən təlim keçirilib. Təlimdə iştirakçılar təcili müdaxiləyə ehtiyac olduqda tətbiq edilməli olan effektiv ilkin yardım tədbirləri barədə nəzəri və praktik bilgilərini artırmaq imkanı əldə ediblər.
Təlim iştirakçılarından 19-u təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi üzrə seçilmiş həkim qrupunun üzvləri olub. Bu iştirakçılar növbəti 2 il ərzində davamlı təlimlərdə iştirak edəcək və Azərbaycanda təcili tibbi yardım sisteminin transformasiyasına töhfə verəcəklər.
Qeyd edilib ki, sözügedən layihə USAID-in maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda həyata keçirilib.