Ustad kaman ifaçısı həzin və şirin xatirələrdə
Bakı, 2 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbir həm kövrək notlar, həm sənətkarın xarakterinə məxsus baməzə, artıq lətifəyə dönən unudulmaz söhbətlərlə yadda qalıb.
Tədbirdə Habil Əliyev sənətinin ucalığından, kamança sənətimizə verdiyi töhfələrdən bəhs olunub. Bənzərsiz ifası ilə ürəkləri fəth edən milli musiqi aləti olan kamançanı dünyada tanıdan ustan sənətkarın mədəniyyətimizə göstərdiyi xidmətlərdən danışılıb. Qeyd olunub ki, kamançanın ifa imkanlarının mükəmməl şəkildə ifadə və inkişaf etdirilməsində çox böyük xidmətləri olan sənətkar kamançanın səslənməsində müxtəlif texniki ifa üsulları tətbiq edərək onun tembr zənginliyinə nail olmuşdu.
Tədbirdə Xalq artisti Möhlət Müslümov, Əməkdar artist Mirnazim Əsədullayev ustad sənətkarla bağlı xatirələrini bölüşüblər. Gecədə bir-birini əvəz edən çoxlu həzin və şirin xatirələr söylənilib.
Çıxışlardan sonra yubiley gecəsi konsert proqramı ilə davam edib.