Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib













Bakı, 30 aprel, AZƏRTAC
Üzeyir Hacıbəylinin ev-muzeyində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şuşa şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə “Şuşadan dünyaya” adlı layihə çərçivəsində konsert proqramı keçirilib.
Layihənin rəhbəri, Şuşa şəhər Mədəniyyət Evinin bədii rəhbəri Orxan Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, şuşalı kimi bu işi sadəcə vəzifə yox, mənəvi borc, müqəddəs bir missiya kimi qəbul edir: “Layihə çərçivəsində bu, artıq ikinci tədbirdir. İlk görüşümüz Niyazinin xatirəsinə həsr olunaraq, onun ev-muzeyində reallaşıb”.
Tədbirdə çıxış edən ev-muzeyin müdiri, Xalq artisti, bəstəkar Sərdar Fərəcov Üzeyir Hacıbəyli haqqında geniş məlumat verib və bu əlamətdar yubileyin əhəmiyyətini vurğulayıb. O, Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə və musiqisinə verdiyi misilsiz töhfələri xatırladaraq, onun irsinin bu gün də yaşayaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa şəhər Mədəniyyət Evinin direktoru Rüsmət Əliyev Üzeyir Hacıbəylinin musiqi sahəsindəki mövqeyindən və onun əsərlərinin Azərbaycan mədəniyyətinin və musiqi tarixinin ayrılmaz hissəsi olmasından danışıblar.
Konsert proqramında Beynəlxalq müsabiqələri laureatı fleyta ifaçısı Rəhilə Nəzərova, vokalist Murad Kəngərli, piano ifaçıları Ali Vahidov, Ayan Həsənova, Valeh Aslanov, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti, gizir Vüsal Şuşalı musiqi nömrələri səsləndiriblər. Gənc bəstəkar Saleh Nəzərovun əsəri dinləyicilərə təqdim olunub.
Bundan əlavə, “Buta” rəqs qrupunun bədii rəhbəri, xoreoqraf Türkanə Bayramova da tədbirdə iştirak edərək sənət sahəsindəki bacarıqlarını nümayiş etdirib.