Üzeyir Hacıbəyovun əsərləri metro stansiyalarında səsləndirilir
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş XV musiqi festivalı bu gün başlanır və sentyabrın 28-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, hər il keçirilən festivala ənənəvi olaraq dünyanın tanınmış musiqi xadimləri, dirijorlar, ifaçılar dəvət olunub. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, başqa ölkələrdən dəvət olunmuş məşhur musiqi kollektivlərinin, tenorların da çıxışı nəzərdə tutulub.
Musiqi Günü və keçirilən festivala həsr olunmuş musiqi proqramının metro stansiyalarında səsləndirilməsinə başlanılıb. Proqrama Üzeyir Hacıbəylinin 11 əsərindən parçalar daxil edilib. Dahi bəstəkarın yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu”. “Arşın mal alan” operalarından uvertüra, “Arazbarı”, “Aşıqsayağı”, “Cəngi” əsərləri, “Koroğlu” operasından Koroğlunun ariyası, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Qızlar” və “Şəbi hicran” xorundan ibarət proqram günün sonuna qədər yayımlanacaq.
18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Bakı metropoliteni, ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edəcək. Konsert proqramı “İçərişəhər” (10:30 - 12:00), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında təqdim olunacaq.
Proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri səsləndiriləcək.