Uzunoba Su Anbarının ətrafında 20 hektar sahə bağ təsərrüfatlarına ayrılıb
Naxçıvan, 17 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Uzunoba Su Anbarı ətrafında 20 hektar sahə bağ təsərrüfatlarının yaradılması üçün vətəndaşların istifadəsinə ayrılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə bağ təsərrüfatları üçün torpaq sahələrinin ayrılmasının dövlətin vətəndaşların rifahının yüksəlməsinə göstərdiyi qayğının daha bir ifadəsi olduğunu qeyd edib. Məqsəd şəhər və qəsəbələrdə yaşayan əhalinin mövsümi istirahətinin və təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkili, məhsul bolluğunun yaradılması, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Bağ torpaq sahəsinin istifadəçiləri torpağı əkib-becərməklə mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təmin edə biləcəklər. Eyni zamanda, vətəndaşlar torpaq sahəsində razılaşdırılmış layihə əsasında mövsümi istifadə ilə əlaqədar məişət və digər ehtiyaclarını ödəmək üçün bağ evi və yardımçı tikililər inşa etmək, qurğular quraşdırmaq hüququna malikdirlər.
Xidmətin mütəxəssisləri tərəfindən ərazidə planaalma işləri aparılıb, torpaq sahələri formalaşdırılıb, yollar müəyyənləşdirilib və digər zəruri hazırlıq işləri başa çatdırılıb.
Qeyd edək ki, bağ torpaq sahələrinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı müraciətlərə muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən baxılır. Xidmət dövlət və özəl sektorda çalışan şəxslərə bağ torpaq sahəsinin verilməsinə işlədikləri müəssisənin vəsatəti, digər şəxslərə isə xidmətə ünvanlanmış ərizə əsasında 10 iş günü ərzində baxır. Torpaq sahələri şəxslərə vəsatətlərin daxil olma tarixinə uyğun olaraq növbəlilik qaydasında verilir. Torpaq sahəsinin verilməsi uyğun hesab edilən şəxslər məlumatlandırılır və vətəndaşla xidmət arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanır. Müraciət edən hər ailəyə 800 kvadratmetrədək torpaq sahəsinin ayrılması nəzərdə tutulur.