VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI ÜÇÜN YENİ MÜSABİQƏ VƏ MÜSAHİBƏ ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 32 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 787 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və müsahibə elan etmişdir. Vəzifələrin 590-ı müsabiqəyə, 197-si isə müsahibəyə çıxarılmışdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və söhbət mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
“Dövlət qulluğu haqqında” Qanunun 29 maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olanlar sənədlərini sentyabrın 11-dən etibarən 30 gün, müsahibədə iştirak etmək arzusunda olanlar isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Müsabiqə və müsahibəyə dair ətraflı məlumat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az, www.csc.gov.az) yerləşdirilmişdir.