VALEH İBRAHİMOV ADINA LERİK QƏSƏBƏ ORTA İNTERNAT MƏKTƏBİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonuna səfərinin sonunda Valeh İbrahimov adına Lerik qəsəbə orta internat məktəbində olmuşdur.
Dövlətimizin başçısı və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1960-cı ildə tikilmiş və əsaslı təmirə ehtiyacı olan məktəb binasının vəziyyəti ilə yaxından tanış oldular, eyni zamanda, fənn kabinetlərinə baxdılar, tədris üçün şəraitlə, dərsliklərlə təminatın vəziyyəti ilə maraqlandılar.
Məktəbin direktoru, elmlər namizədi Musa Bədəlov bildirdi ki, burada 180 şagird təhsil alır. Bina çox köhnəldiyindən təmirə böyük ehtiyacı vardır.
Prezident İlham Əliyev binanın əsaslı təmiri üçün yaxın vaxtlarda hər cür kömək göstəriləcəyini bildirdi.
Sonra dövlətimizin başçısı məktəbin xatirə kitabına ürək sözlərini yazdı:
“Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilinin mükəmməl öyrənilməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar. İnternat məktəbinin təmirə böyük ehtiyacı vardır. Yaxın zamanlarda burada əsaslı təmirə başlayacağıq. İnternat məktəbinin kollektivinə və burada oxuyan bütün uşaqlara uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
8 sentyabr 2005-ci il”.
Məktəbin direktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz kitabını hədiyyə etdi.