REGİONLAR
Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilməməlidir
Lənkəran, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Lənkəran şəhərindəki xarici dillər təmayüllü internat tipli gimnaziyanın, ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edənlər cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıblar.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu barədə məlumat verən natiqlər, erkən nikah mövzusunu uşaq hüquqlarının pozulması kontekstində izah ediblər. Bu istiqamətdə rayonda maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilməməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur.
Onlayn tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.