İQTİSADİYYAT
Vasili Signeev: Biz yerli müəssisələrlə tanış olmaq,işgüzar əlaqələr qurmaq üçün gəlmişik
![Vasili Signeev: Biz yerli müəssisələrlə tanış olmaq,işgüzar əlaqələr qurmaq üçün gəlmişik](/files/2022/2/1200x630/16542602492243113913_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
Şirkətimiz qoruyucu termal geyimlərin yaradıcısı və istehsalçısıdır. Bu gün bir milyondan çox insan bizim geyim dəstlərimiz vasitəsilə qorunur. Bunlar, ilk növbədə energetika mühəndisləri, neftçilər və qaynaqçılardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Rusiyanın “Transcaucasia Energocontract” şirkətinin rəhbəri Vasili Signeev bildirib.
Şirkət rəhbəri qeyd edib ki, istehsal müəssisəsi Moskva vilayətində yerləşən “Energocontract” şirkətlər qrupuna tədqiqat-istehsalat kompleksi, toxuculuq kompleksi və logistika kompleksi daxildir. Dünyanın 20-dən çox ölkəsi ilə işləyən şirkətin əsas müştəriləri MDB ölkələridir. “Biz ilk dəfədir ki, sərgidə iştirak edirik. Biz yerli müəssisələrlə tanış olmaq, işgüzar əlaqələr qurmaq və perspektivləri müəyyən etmək üçün gəlmişik. Yaxşı nəticələrin olacağına ümid edirik. Stenddə biz elektrik qövsünün istilik risklərindən qorunmaq üçün geyim, yanğınsöndürənlərin döyüş avadanlığı, neft sənayesi üçün yanğına davamlı kombinezon və qaynaqçılar üçün nəzərdə tutulmuş kostyumunu nümayiş etdiririk”, - deyə şirkət rəhbəri qeyd edib.