Vaşinqton Cənubi Koreyadan Amerika qoşunlarının saxlanmasına daha çox vəsait ayırmasını istəyir
Bakı, 8 avqust, AZƏRTAC
ABŞ-ın Müdafiə naziri Mark Esperin Cənubi Koreyaya avqustun 8-də başlayan ikigünlük səfəri çərçivəsində bu ölkədəki Amerika hərbi kontingentinin saxlanma xərcləri məsələsi əsas müzakirə mövzularından biri olacaq.
AZƏRTAC Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, Asiya-Sakit okean ölkələrinə səfər çərçivəsində Seula gələn Mark Esperin koreyalı həmkarı Conq Kyonq-doo, Xarici İşlər naziri xanım Kan Kyun-hva və sonda Prezident Mun Ce-in ilə görüşlərində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması ilə bağlı ABŞ-ın təklifi də müzakirə olunacaq. Bildirilir ki, görüşlərdə Koreya yarımadasında nüvə silahsızlaşdırılması məsələsi, Şimali Koreyanın sonuncu raket sınaqları və mümkün hərbi təhdidlərə qarşı birgə cavab tədbirləri, habelə ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də əsas müzakirə mövzularından olacaq. Danışıqların sonunda tərəflərin birgə təlimlərin vaxtı və müddəti barədə bəyanat verəcəyi gözlənilir.
Rəsmi Vaşinqton Cənubi Koreyadan bu ölkədəki 28 min şəxsi heyəti olan Amerika qoşunlarının saxlanmasına daha çox vəsait ayırmasını istəyir. Ötən günlərdə Birləşmiş Ştatların Prezidenti Donald Tramp “Tvitter” səhifəsində Cənubi Koreya ilə bu məsələ barədə danışıqların başladığını yazıb.
Qeyd edək ki, Mark Esper Asiya-Sakit okean ölkələrinə səfərinə Monqolustandan başlayıb. O, Cənubi Koreyadan sonra Avstraliya, Yeni Zelandiya və Yaponiyaya səfər edəcək. Bu, Mark Esperin ABŞ-ın Müdafiə naziri kimi ilk xarici səfəridir.