DÜNYA
VAŞİNQTON PANKİSİ DƏRƏSİNDƏ TERRORÇULARIN KÖKÜNÜ KƏSMƏK ÜÇÜN PLAN HAZIRLAYIB
ABŞ Gürcüstanın Pankisi dərəsindəki terror ocağının ləğvi üçün Rusiya ilə birgə fəaliyyətin planını hazırlamışdır. Bunu İTAR-TASS-ın müxbirinə anonimliyini saxlamaq şərtilə, Amerika hökumətinin nümayəndəsi bildirmişdir. O, planın təfərrüatını açıqlamasa da, təsdiqləmişdir ki, “Rusiya hökuməti onunla artıq tanış edilmişdir”.
Həmin rəsmi şəxsin dediyinə görə, Amerika tərəfi bu barədə öz mülahizələrini təhlükəsizliyə terror hədələrinin və digər hədələrin dəf olunması üzrə Rusiya-Amerika işçi qrupunun iclasında açıqlamışdır. İclas fevralın 8-də Vaşinqtonda Rusiya xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikovun və ABŞ dövlət katibinin birinci müavini Riçard Armitacın həmsədrliyi ilə keçirilmişdir. Müsahibin fikrincə, Pankisi dərəsində mümkün əməliyyat “terrorizmlə mübarizənin davam etdiyinə” sübut ola bilərdi.
Dövlət departamentində xatırlatmışlar ki, “Gürcüstanın rəsmi şəxsləri ölkənin ərazisində əcnəbi yaraqlıların olduğunu etiraf etmişlər”. Xarici siyasət idarəsinin məsul əməkdaşı nəzərə çarpdırmışdır ki, bu problem “ABŞ hökumətində narahatlıq doğurur”. Amerika diplomatı demişdir: “Biz bu vəziyyəti, eləcə də onun nizama salınması üçün Gürcüstanın hakimiyyət orqanlarının hazırladıqları tədbirləri onlarla müzakirə edirik”.
Gürcüstanın dövlət təhlükəsizliyi naziri Valeri Xaburzaniya bu günlərdə milli televiziyanın birinci kanalı ilə çıxışında ölkənin xüsusi xidmət idarələrinin Pankisi dərəsində “antiterror xarakterli deyil, antikriminal xarakterli ciddi əməliyyatlar” aparmalı olacağını istisna etməmişdir. Onun fikrincə, bu halda rəsmi Tbilisi “Rusiyadan və Qərbdən ona informasiya, metodoloji və texniki xarakterli kömək göstərməyi xahiş edə bilər”.