Vatikanda təhlükəsizlik tədbirləri gücləndirilib
Vatikan, 17 oktyabr, AZƏRTAC
Təhlükəsizlik qüvvələri Vatikanın Müqəddəs Pyotr meydanında və ətrafında həssas hesab edilən ərazilərdə mümkün təhlükələri nəzərə alaraq sayıqlıq səviyyəsini artırıb və təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, məqsəd insanların və turistlərin təhlükəsizliyini təmin etmək və anomal hesab olunan hər hansı vəziyyəti dərhal aşkar etməkdir.
Pyotr meydanı ərazisində polislər gülləkeçirməz jiletlər və əllərində pulemyotlarla xidmət aparır. Həmçinin Müqəddəs Pyotr kilsəsini ziyarətə gələnlər metalaxtaran detektorla yoxlanılır ki, bu da uzun növbələrə səbəb olub.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani təhlükəsizlik tədbirlərinin artırılmasının profilaktik tədbirlərin tərkib hissəsi olduğunu və mümkün təhlükələrin qarşısının alınması məqsədi daşıdığını deyib. Nazir vəziyyətin nəzarətdə saxlandığını və ölkəsi üçün hər hansı təhlükənin olmadığını bildirib.
Yerli mətbuat isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin məqsədinin ötən gecə Brüsseldə iki nəfərin ölümü ilə nəticələnən hadisə və Milanda İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən iki nəfərin saxlanması olduğunu yazır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan