VERGİLƏR NAZİRLİYİ MƏTBUAT X İDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyinin Mətbuat xidməti bildirir ki, martın 15-də Bakının Nəsimi rayonu ərazisində Cəlil Məmmədquluzadə küçəsində AZ 43 BA-522 dövlət nömrə nişanlı “KAMAZ” markalı avtomaşında təyinatı bilinməyən yük aşkar edilmişdir. Bu fakt Nəsimi Rayon Vergilər İdarəsinin Operativ nəzarət şöbəsi əməkdaşlarının təhkim olunduqları sahədə keçirdikləri reyd zamanı qeydə alınmışdır.
Sözügedən yük Yeni Zelandiyada istehsal olunmuş 500 qutu kərə yağından ibarət idi. Hər biri 25 kiloqram olan bu qutuların üzərində rus dilində Azərbaycana idxal etmək üçün nəzərdə tutulmadığı yazılıbdır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi mütəxəssislərinin ilkin araşdırmalarından məlum olub ki, məhsulun mədaxilini təsdiq edən sənədlər, o cümlədən vergi hesab-fakturaları mövcud deyildir. Avtomaşının sürücüsü, Lənkəran şəhərinin sakini Eldar Zöhrabovun verdiyi ifadəyə görə, o, yükü Dağıstan sakinlərinin sifarişi ilə Bakıdan Lerikə satiş məqsədilə aparmalı imiş. Lakin o, yükü hansı ünvandan götürdüyü və yük sahiblərinin şəxsiyyəti barədə konkret məlumat verməyib.
Faktla bağlı tərtib olunmuş sənədlər təhqiqat üçün Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə təqdim ediləcəkdir.
X X X
Xəbər verildiyi kimi, ölkəmizdə ümumi sahəsindən və yerləşdiyi inzibati ərazidən asılı olaraq bütün ticarət, ictimai iaşə və xidmət obyektlərində kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulubdur.
Vergilər Nazirliyinin Mətbuat xidməti bildirir ki, kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi müddətləri artıq müəyyən edilibdir. Beləliklə,kiçik ölçülü nəzarət-kassa aparatları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində ümumi sahəsi 6 kvadratmetrədək olan obyektlərdə 2002-ci il oktyabrın 1-dək, rayon mərkəzləri və şəhər tipli qəsəbələrdə ümumi sahəsi 9 kvadratmetrədək olan obyektlərdə 2002-ci il dekabrın 1-dək, kənd yerlərində ümumi sahəsi 12 kvadratmetrədək olan obyektlərdə isə 2002-ci il dekabrın 31-dək tətbiq edilməlidir.
Bazarlarda, yarmarkalarda və icra hakimiyyəti orqanlarının ayırdığı torpaq sahələrində stasionar qaydada fəaliyyət göstərən, həmçinin mövsümi xarakterli obyektlərdə kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi müddətləri yerləşdikləri inzibati ərazi üzrə yuxarıda göstərilən qaydada müəyyən edilibdir.
Vergilər Nazirliyinin Mətbuat xidməti onu da bildirir ki, kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi valyuta mübadiləsi məntəqələrinə şamil olunmur. Kiçik ölçülü nəzarət-kassa aparatları ölkədə istehsal ediləcəkdir. Artıq belə aparatların 7 modeli Dövlət reyestrinə daxil edilibdir. “Elvis Mikro F”, “Merkuri-115 F”, “Merkuri-140 F”, “Minika 1102 F”, “Minika-1103 F”, “Ştrix-Mikro F” və “Bİ-007 P” markalı həmin aparatların qiymətləri manat kursuna uyğun olaraq 143-200 ABŞ dollarıdır. Qiymətlərə əlavə dəyər vergisi (ƏDV) daxildir. Kiçik ölçülü nəzarət-kassa aparatlarının faizsiz kredit yolu ilə satılması da tövsiyə olunubdur.
Kiçik ölçülü nəzarət-kassa aparatlarının tətbiqi üçün kifayət qədər möhlət qoyulmasına baxmayaraq, Vergilər Nazirliyi iş adamlarından bu tədbiri tezliklə həyata keçirməyi xahiş edir. Bu məqsədlə vergi orqanlarına tapşırılıb ki, kiçik ölçülü nəzarət-kassa aparatları tətbiq etməli olan vergi ödəyicilərinə qisa müddət ərzində bu barədə bildirişlərin rəsmi qaydada verilməsini təmin etsinlər.