VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyinin Mətbuat xidməti bildirir ki, vergi orqanları əməkdaşlarının ölkə ərazisində tütün məmulatı satışının qanuna müvafiq şəkildə həyata keçirilməsinə nəzarət sahəsində gördükləri tədbirlər nəticəsində son vaxtlar ticarət şəbəkəsindən külli miqdarda aksiz markasız və ya saxta aksiz markalı siqaretlər götürülüb və müsadirə edilibdir.
Bu il martın 7-də isə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə tədbirləri nəticəsində Bakı şəhərinin bir sıra ticarət obyektlərində Ermənistanda istehsal edilmiş “Ciqaronne” siqaretlərinin satıldığı aşkar edilmişdir. Səbael rayonu Ü.Hacıbəyov küçəsi, 27-də yerləşən “Bakı Senter” mağazasında 14 qutu, Nəsimi rayonu Bülbül prospekti, 20-də yerləşən köşkdə 9 qutu, Yasamal rayonu Nərimanov küçəsi, 90-da yerləşən və Ə.A.Əsədullayevaya məxsus mağazada isə 8 qutu sözügedən siqaret aşkarlanıbdır. Aşkar edilən siqaretlər müvafiq qaydada rəsmiləşdirilmiş və götürülmüşdür. Hazırda həmin faktlar üzrə Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində təhqiqat aparılır. Bu məqsədlə tərtib edilmiş ilkin sənədlər və götürülmüş siqaretlər maddi sübut kimi həmin Departamentə təqdim edilmişdir. Hələlik bu siqaretlərin mədaxilini təsdiq edən sənədlər müəyyən edilməmişdir.
Vergilər Nazirliyinin Mətbuat xidməti bildirir ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.