İQTİSADİYYAT
Vergiödəyicilərinə 152 minə yaxın “ASAN İmza” sertifikatı verilib
Bakı, 12 iyun, AZƏRTAC
Bu ilin yanvar-may ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 246 min 500 şəxs qəbul edilib və onlara 467 min 463 sayda xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunlardan 128 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 113 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Ümumi elektron xidmətlərin 88 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi; vergiödəyicisinin fəaliyyətinin dayandırılması; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi; vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; “ASAN İmza” sertifikatlarının verilməsi; vergiödəyicilərinə arayışların verilməsi; vergiödəyicisinin fəaliyyətinin bərpası; fiziki şəxsin uçotdan çıxarılması.
Qeyd olunub ki, yanvar-may ayları ərzində vergiödəyicilərindən daxil olmuş 11,7 mindən çox yazılı müraciət cavablandırılıb, 6,5 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 841 minə yaxın SMS göndərilib.
Dövr ərzində 1625 vergiödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 2038 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.
Yanvar-may aylarında ümumilikdə 100 min 260 müraciət üzrə 151 min 927 “ASAN İmza” sertifikatı verilib. Həmçinin 6,7 minə yaxın vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan “ASAN İmza”, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.