Vətən müharibəsi qazilərinin sosial problemləri diqqət mərkəzindədir
Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərin problemlərinin öyrənilməsi və operativ həlli məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətində işçi qrup fəaliyyət göstərir.
İşçi qrupun üzvləri növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırıblar. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.
Görüş zamanı yaralı hərbçilər qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daim yaddaşlarda qalacağı bildirilib. Vurğulanıb ki, uzun illərdir işğal altında olan torpaqlarımız məhz onların göstərdiyi şücaət nəticəsində azadlığa qovuşub.
Qazilər və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.