CƏMİYYƏT
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsi anılıb
![](/files/galleryphoto/2023/3/1200x630/16978954082420036599_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954083018013232_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697895408566705441_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697895408458133062_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954081048849038_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697895408393429_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954083581516164_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954082451817484_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954083801025422_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978954081764415674_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697895408864927200_1200x630.jpg)
Bakı, 21 oktyabr, AZƏRTAC
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” anım tədbiri keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə qəhrəman şəhid pilotumuzun həyat və döyüş yolundan bəhs edən film nümayiş olunub. Həmçinin tədbir zamanı yazıçı Sabir Arazlı Özgünün müəllifi olduğu şəhid polkovnik-leytenant Ramiz Qasımovun həyatına həsr edilmiş “Dəmir Qanadlı Qəhrəman” kitabının təqdimatı keçirilib.
Anım mərasimində, həmçinin Əməkdar artist Sevinc Sarıyeva vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa edib.
R.Qasımov 1975-ci il fevralın 17-də Beyləqan rayonunda anadan olub. 1992-ci ildə Beyləqan şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbini bitirib. Hərbi Hava Qüvvələrində helikopter eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini - uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksələn Ramiz Qasımov harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq həmişə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşləri zamanı Hərbi Hava Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazıb.
Yüksək “Snayper” dərəcəsinə yüksələn təlimatçı, sınaqçı milli pilotlarımızdan olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.
Azərbaycan Silahlı Qüvvələrinin veteranı olan təcrübəli və peşəkar pilotumuz neçə-neçə milli təyyarəçi kadrın yetişməsində, formalaşmasında səylərini əsirgəməyib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də yüksək mənəvi və iradi keyfiyyətlərə malik şəxsiyyət, mütəxəssis kimi fərqlənib.
Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə düşmən üzərinə əks-hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə-Tərtər istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib. Lakin onun idarə etdiyi döyüş helikopteri vurulduqdan sonra o, yaralanmasına baxmayaraq mülki əhalinin zərər çəkməməsi üçün helikopteri təhlükəsiz istiqamətə kənarlaşdırıb, ekipaj üzvlərinin gəncliyini nəzərə alaraq onların birinci olaraq tullanmasına şərait yaradıb, özü isə sonuncu olaraq kabinəni tərk edib.
Ağır zədə alan pilot həkimlərin 25 günlük ciddi səylərinə baxmayaraq komadan ayılmayıb və 2020-ci il oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb.