Vətən müharibəsində iştirak edən DOST Agentliyi əməkdaşlarının qarşılanma mərasimi keçirilib
Bakı, 6 yanvar, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qəhrəmanlıq nümunəsi göstərərək 44 gün ərzində erməni hərbi birləşmələrini işğal etdikləri torpaqlardan qovub çıxardı. Torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində 3 saylı DOST mərkəzinin əməkdaşları da iştirak ediblər. Tarixi Zəfərin qazanılmasında iştirak edən mərkəzin əməkdaşları Tural Əsgərov və Cavid Cabbarlının qarşılanma mərasimi keçirilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov mərasimdə əməkdaşları salamlayaraq onlarla qürur duyduqlarını bildirərək qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun inamlı qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İndi Qarabağın dirçəldilməsi üçün, həmçinin işğaldan azad edilmiş bölgələrimizdə tezliklə bərpa işləri aparılacaq və yeni DOST mərkəzlərinin açılması üçün lazımi tədbirlər görüləcək.
Döyüşlərdə iştirak edən əməkdaşlara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, DOST Agentliyinin 5 əməkdaşı vətən müharibəsində iştirak edib. 3 saylı Bakı DOST mərkəzinin əməkdaşı Tural Əsgərov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.