Vətən müharibəsində Qələbənin təməlində Azərbaycan xalqının əzmi və iradəsi, xalq-iqtidar birliyi dayanır
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Çilidə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Çilidəki diplomatik ofisi tərəfindən təşkil olunan, Çili Respublikası Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinin, Çilidə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, KİV və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Kamran Ağa-Kərimov 44 günlük Vətən müharibəsinin müasir tariximizin ən şərəfli səhifəsi olduğunu bildirib, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini, bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini yerinə yetirdiyini vurğulayıb. Həmçinin Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin dayandığını qeyd edib.
K.Ağa-Kərimov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi ədalət və beynəlxalq hüququn təntənəsi olmaqla yanaşı, regionda yeni reallıqlar yaratdığını və bölgənin hərtərəfli inkişafı, rifahı, davamlı sülh və sabitlik üçün əlverişli imkanlar formalaşdırdığını deyib, ölkəmizin postmünaqişə gündəliyi və sülh prosesi istiqamətində baxışları barədə məlumat verib.
Sonda “Biz” filmi nümayiş olunub.