Vətənpərvərlik ruhlu videoçarxlar hazırlanıb
İsmayıllı, 21 iyul, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələri xalqımızın vətənpərvərlik və mübarizlik ruhunu dəstəkləyən videoçarxlar hazırlayıb.
Regional mədəniyyət idarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, videoçarxlarda Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, erməni təxribatı qətiyyətlə pislənilir, xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza dəstək olduğu vurğulanır.
Ağsu, Qəbələ və Qobustan rayon Mədəniyyət mərkəzləri, İsmayıllıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və filialları, Şamaxıda MKS-nin filialları və uşaq şöbəsi, Mirzə Ələkbər Sabirin ev-muzeyi, Qobustanda Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan videoçarxlarda gənclərin də ürək sözləri yer alıb, vətənpərvər ruhda şeirlər səsləndirilib.
Qeyd edək ki, videoçarxlar regional idarənin sosial şəbəkələrdəki ünvanları vasitəsilə yayımlanıb.