“Vikipediya” dövlətin siyasi, iqtisadi, sosial, mədəni səviyyəsini və elmi potensialını nümayiş etdirir
Bakı, 19 may, AZƏRTAC
Bu gün dünyada “Vikipediya”nın necə böyük əhəmiyyət daşıdığını söyləməyə ehtiyac yoxdur. Ənənəvi ensiklopediyalardan fərqli olaraq “Vikipediya”nın açıq olması, çevik dəyişim və təkmilləşmə imkanları, dünyanın əksər dillərini əhatə etməsi, ictimai rəyin formalaşmasında müstəsna rolu ona marağı gücləndirir. Bu gün elektron axtarış saytına müraciət edəndə ön sıralarda “Vikipediya”nın gəlməsi ona müraciətin sürəkliliyini göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, professor Vaqif Sultanlı deyib. O bildirib ki, Azərbaycanda “Vikipediya”nın inkişafı və zənginləşməsi, şübhəsiz ki, dövlətin strateji maraqları ilə sıx bağlıdır. Çünki “Vikipediya” dövlətin siyasi, iqtisadi, sosial, mədəni səviyyəsini və elmi potensialını nümayiş etdirir. Lakin çağdaş dünya mədəniyyəti ilə ayaqlaşmaq üçün bu məsələdə yalnız dövlətin dəstəyi ilə kifayətlənmək mümkün deyil. Elmin müxtəlif sahələrinə bağlı olan mütəxəssislər fəallıq göstərməli, zəruri məlumatları zamanında açıq ensiklopediyada yayımlamaq üçün çalışmalıdır.
Vaqif Sultanlı diqqətə çatdırıb ki, Azərbaycanda indiyə qədər “Vikipediya” ilə bağlı xeyli işlər görülsə də, bu sahədə sistemli fəaliyyətə başlanılması, ciddi uğurlar əldə olunması son illərə təsadüf edir. Xüsusən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllülərinin o qədər də böyük olmayan büdcə ilə səmərəli fəaliyyəti bu sahədə uğurlar qazanılması üçün imkanlar yaradıb. Lakin daha böyük uğurların əldə edilməsi üçün bu fədakar gənclərə bütün səviyyələrdə dəstək olunmasına ehtiyac var.
Professor Vaqif Sultanlı vurğulayıb ki, dünya ilə ayaqlaşmaq üçün bir tərəfdən ana dilində zəruri informasiya bolluğu təmin edilməli, digər tərəfdən dünyanın aparıcı dillərində Azərbaycan haqqında yetərincə məlumatlar hazırlanıb yayınlanmalıdır. Bir tərəfdən işin kəmiyyət göstəriciləri təmin olunmalı, o biri tərəfdən yazıların keyfiyyətinin artırılmasına çalışılmalıdır.
“Sirr deyil ki, müxtəlif dünya dillərində Azərbaycan haqqında hazırlanan bəzi “Vikipediya” məqalələri heç də milli maraqlarımıza uyğun deyil. Azərbaycanın parçalanmış xalq olması, uzun illər sovet siyasi rejimi dönəmində millətin tarixinin saxtalaşdırılması, Qarabağ problemi, itirilmiş tarixi ərazilərimiz haqqında informasiya qıtlığı - bütün bunlar “Vikipediya”nı yüksək elmi tutuma malik informasiya qaynağı kimi inkişaf etdirməyi şərtləndirir. Çağdaş dünyada gündən-günə kəskinləşən informasiya savaşında yenilməmək üçün bu istiqamətdə fəaliyyətin canlandırılmasına ehtiyac duyulur”, - deyə Vaqif Sultanlı qeyd edib.
O bildirib ki, “Vikipediya”da müxtəlif elm sahələri ilə bağlı hazırlanan materiallar ana dilinin inkişafına, lüğət fondunun yeni söz, ifadə və terminlərlə zənginləşməsinə də təkan verir.