İDMAN
“Vimbledon”da Uilyams bacılarının günü
Bakı, 10 iyul, AZƏRTAC
Londonda keçirilən mövsümün üçüncü “Vimbledon” tennis çempionatında tək qadınların yarışında Serena Uilyams çempion olub.
AZƏRTAC xəbər verir ki, S.Uilyams almaniyalı Anqelike Kerberi ümumi hesabda 2-0 məğlub edərək “Vimbledon”da 7-ci, karyerasında isə 22-ci “grand slam” qələbəsini qeyd edib. S.Uilyams bu sahədə rekordu əlində tutan almaniyalı Steffi Qrafa da çatıb.
S.Uilyams 4 saatdan sonra eyni kortda cütlüklərin yarışında ikinci çempionluğu qeyd edib. Belə ki, cütlüklərin final mübarizəsində ABŞ-lı Serena və Venus Uilyams bacıları Timea Babos və Yaroslava Şvedova cütlüyü ilə mübarizə aparıblar. Uilyams bacıları rəqiblərinə setlər 6-3 və 6-4 olmaqla ümumi hesabda 2-0 qalib gəliblər.
“Grand slam” turnirlərində ümumilikdə 13 çempionluqlarını qeyd edən Uilyams cütlüyü 2012-ci ildəki “Vimbledon”dan sonra ilk qələbələrini qazanıblar.
Uilyams bacıları 350 min funt sterlinq pul mükafatının da sahibi olublar.