Voleybol üzrə Azərbaycan millisi Yunanıstan yığmasına qalib gəlib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının yarımfinal mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində millimiz Yunanıstan yığması ilə qarşılaşıb.
Serbiyalı baş hakim Nenad Davidoviçun idarə etdiyi oyunun ilk seti millimizin 25:23 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə də voleybolçularımız fərqləniblər - 25:21. Üçüncü setdə Yunanıstan millisi hesab arasındakı fərqi azaldıb - 25:23. Dördüncü setdə Azərbaycan voleybolçuları 25:19 hesabı ilə qalib gəlməklə matçın taleyini həll ediblər. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab görüşü iyunun 26-da Bakıda təşkil olunacaq. Millimiz qalib gələcəyi təqdirdə finalda Slovakiya-Sloveniya görüşünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək Dünya Qran-prisinə vəsiqə qazanacaq.
Hazırda millimizin heyətinə gənc oyunçular cəlb edilib. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi layiqincə təmsil etməkdir.