VOLEYBOL ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT MİLLİ YIĞMA KOMANDANIN ÜZVÜ ŞƏFƏQ KƏRİMOVANIN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli tədbir iştirakçıları!
Bu gün biz buraya yeni bir tikilinin - Masallı Olimpiya İdman Kompleksinin açılış mərasiminə toplaşmışıq. Belə bir tədbirdə iştirak etdiyim üçün qürur hissi keçirirəm. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanda əldə olunan nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. İndi biz əsası ümummilli liderimiz tərəfindən qoyulmuş bu böyük işin daha da genişlənməsinin şahidlərinə çevrilirik.
Azərbaycanda idman və bədən tərbiyəsi durmadan inkişaf edir, onun maddi bazası möhkəmlənir. Mən bu gün yeni inşa olunmuş Olimpiya kompleksinin açılışı münasibətilə respublikamızın rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə idmançılar ordusu adından təşəkkürümü bildirmək istəyirəm.
Çox sevinirəm ki, bu Olimpiya kompleksi öz şəraitinə görə bizim dünya, Avropa çempionatları zamanı çıxış etdiyimiz idman komplekslərindən heç də geri qalmır. Son illər ölkəmizdə idman və olimpiya hərəkatı böyük inkişaf yolu keçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısı sayəsində çox qısa bir vaxt ərzində böyük nailiyyətlər əldə edilmişdir. Bir-birinin ardınca Bakıda, digər şəhər və rayonlarda tikilib istifadəyə verilən olimpiya kompleksləri buna əyani misaldır. Bu komplekslər biz idmançılara ustalığımızı artırmağa, beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmağımıza kömək edir. Məhz bu komplekslər istifadəyə verildikdən sonra biz respublikamızı müxtəlif yarışlarda layiqincə təmsil etmiş və Vətənə medallarla qayıtmışıq. Əminəm ki, dövlətimiz tərəfindən göstərilən bu diqqət və qayğı sayəsində biz idmançılar daha da yaxşı hazırlaşacaq və gələcəkdə dünya, Avropa birinciliklərindən, Olimpiya oyunlarından Vətənə medallarla dönəcəyik.
Mən bütün Masallı gənclərini, bütün Azərbaycan gənclərini olimpiya hərəkatına qoşulmağa dəvət edir və sizə idmanla təmasda sağlamlıq arzulayıram.
Çox sağ olun.