Vüqar Gülməmmədov: Ölkə rəhbərliyi tərəfindən iqtisadi və siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib
Bakı, 25 aprel, AZƏRTAC
Hesabat ilində ölkə rəhbərliyi tərəfindən həm iqtisadi, həm də siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib, dünyada, o cümlədən regionda artan geosiyasi və iqtisadi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin olunub. Ölkənin iqtisadi, eləcə də siyasi mənzərəsində müsbət tendensiyalara şahidlik etdiyimiz 2022-ci ildə Hesablama Palatası da bu proseslərin bir parçası olmağa çalışıb, dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin aprelin 25-də keçirilən plenar iclasında Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edərkən deyib.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Planı”nda 2 yekun nəticə və 9 aralıq nəticə müəyyənləşdirilib. Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2022-ci ilin Əməliyyat Planı tərtib olunub və burada fəaliyyət istiqamətləri üzrə zəif bəndlərin və potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi məqsədilə tədbirlər yer alıb. Strateji Planın 2022-ci il üçün Əməliyyat Planında ümumilikdə 214 tədbir müəyyənləşdirilib, ilin sonunda yekun icra vəziyyəti 81,3 faiz təşkil edib.