Vüqar İskəndərov: Azərbaycan Brüssel görüşündən siyasi-diplomatik uğurla ayrılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan yeni reallıqlar yaratdı. Məhz bu reallıqlar fonunda ölkəmiz siyasi və diplomatik cəbhədə də Ermənistana davamlı məğlubiyyətlər yaşadır. Təbii ki, bu məğlubiyyətlərin bir-birini əvəz etməsinin əsasən günahkarı da elə Ermənistan tərəfidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin hələ də məsələlərə ağıllı şəkildə yanaşa bilməməsi bu ölkəni daha çətin duruma salır: “Əbədi sülhün əldə edilməsini ləngitmək üçün bütün yollara baş vuran Paşinyan hakimiyyətinin həmin cəhdləri isə iflasa uğrayır. Necə ki, bir gün öncə Brüsseldə olduğu kimi. Bundan öncəkilərdə olduğu kimi sayca dördüncü olan bu görüş də Ermənistanın cəhdlərinin puç olması ilə nəticələndi”.
Deputat qeyd edib ki, ortada olan nəticə bu görüşdən də Azərbaycanın siyasi-diplomatik uğurla ayrıldığından xəbər verir. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüş də Ermənistanın, konkret olaraq Nikol Paşinyanın fiaskosu ilə nəticələndi. Bu görüşün nəticəsi onu deməyə əsas verir ki, proses rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılır. Bu görüş həm də prosesin intesivləşdirilməsi baxımından uğurlu görüş kimi qiymətləndirilməlidir.
“Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Azərbaycan və Ermənistanın XİN-lərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı. Brüssel görüşünü bizim üçün uğurlu edən digər məqam isə ondan ibarətdir ki, yeni sənəddə Qarabağ mövzusu, ATƏT Minsk qrupu barədə heç nə yoxdur. Bir daha bu reallıq ortaya qoyuldu ki, Minsk qrupu formatı artıq ləğv olunub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var. Eyni zamanda, burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Ən nəhayət, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı çərçivəsində həyata keçirilən proses məhz Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.